Facebook
Twitter
Reddit
dostuna gönder
azeroosaytlarım-a elave et
| | 07 Fev,2010
Hər kəs sevir. Sevməyən insan yoxdur, yəqin ki.
 Elə ailənin, nikahın da əsas sütununu sevgi münasibətləri təşkil edir. Ancaq bəzən nikah sevgidən kənarda, sevgi isə nikahdan kənarda ola bilir. Bəs görəsən, sevgi münasibətlərində nikah mütləqdirmi?
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, sevgi cismani yaxınlıqdan daha çox mənəvi emosional ülfətə ehtiyacdan törəyir. QHT rəhbəri fikirlərini Lent.az-la bölüşüb. Onun sözlərinə görə, iki şəxs bir-birini nə qədər çox sevsə də, onların birlikdə yaşaması hüquqi zəmin üzərində qurulmalıdır: “Bunun dini baxımdan günah olması hamıya məlumdur. Hüquqi baxımdan da nikah əsasında bir yerdə yaşamaq mütləqdir. Çünki bir müddət sonra cütlüklərin münasibətlərində görünməyən cəhətlər ortaya çıxır. Məsələn, intellektləri, dünyagörüşləri bir-birinə uyğun gəlməyə bilər, iqtisadi çətinlik, uyğunsuzluq yarana bilir. Bu problemlərə dözümsüzlük göstərəndə artıq sevgililər ayrılır. Bu, daha çox qadınlara mənfi təsiri göstərir. Axı qadınlar adətən iqtisadi cəhətdən müstəqil olmurlar. Belə halda güvəndiyi adamdan ayrılmaq qadında olduqca böyük zərbə endirir. Çox vaxt ailələri də onları qəbul etmir. Çünki belələrinə qarşı ictimai qınaq var. Nəticədə sevən, sevgisinə görə ailəsindən keçən qadın öz sevgisinin qurbanına çevrilir”.
Mehriban Zeynalovanın sözlərinə görə, vətəndaş nikahı ilə yaşayanlar əvvəllər daha çox ictimai qınağa məruz qalırdılarsa, bu tendensiya son vaxtlar azalıb. Artıq bu vəziyyət cəmiyyət arasında normal qəbul olunmağa və adiləşməyə başlayıb. Ancaq bu da ayrılıqdan sonra yaranan problemləri hüquqi baxımdan çözməyə imkan vermir: “Rəsmi nikah olmadığından qadın məhkəməyə müraciət edərkən sübutlar toplaya bilmir. Əmlak bölgüsü aparılmır. Ortada uşaq varsa, daha böyük problemlər yaranır. Bəzən hətta uşağın doğum haqqında şəhadətnaməsi də olmur. Mən ümid edirəm ki, vətəndaş nikahları ilə də bağlı hüquqi baza yaranar, çünki bu, hüquqların qorunması üçün mütləqdir”.
Mehriban Zeynalova “Təmiz dünya”ya müraciət edən bir qadının həyat hekayəsini də nümunə olaraq danışdı. Belə ki, Bakı kəndlərinin birindən olan Ruhiyyəni 16 yaşında həmyerlisi qaçırır. Nə rəsmi nikah, nə də kəbin kəsdirmədən sadəcə kənddə kiçik bir toy məclisi qurmaqla kifayətlənir. Ancaq toydan bir müddət keçəndən sonra Ruhiyyə həyat yoldaşının narkoman olduğunu öyrənir. Ayrılmaq istəsə də, ailəsi el qınağından qorxduğundan buna icazə vermir. Elə hər şey də bundan sonra başlanır. Qadın mütəmadi olaraq, yoldaşı tərəfindən döyülür, işgəncələrə məruz qalır, zorakılıqla qarşılaşır. Hətta sonuncu dəfə həbsdən qayıdan kişi arvadını xəyanətdə suçlayaraq, döyüb işgəncə verdikdən sonra lüt soyunduraraq, çölə atır və maşın zənciri ilə boğmağa çalışır. Evdəki dava-dalaşı görən uşaqlardan biri qaçaraq yaxınlıqda yaşayan babasına – Ruhiyyənin atasına xəbər verir. Xoşbəxtlikdən onu xilas etmək mümkün olur. Bu hadisənin ertəsi günü kişi həbs olunur. Hazırda həbsxanada olan kişi yenə yoldaşından əl çəkməyərək, azadlığa çıxan kimi onu öldürəcəyi ilə hədələyir. Qadınsa toydan sonra tikilən evdə nə yaşaya, nə də onu sata bilir. Beləcə, havadan asılı şəkildə qalıb. İndi o, çıxılmaz vəziyyətdədir və nə edəcəyini bilmir.
Bu cür nümunələri hələ çox göstərmək olar. Nə qədər sevib sevilsəniz də, ehtiyatı əldən verməyin, çalışın hər şeyi qanun çərçivəsində edin. Edin ki, sabah qanun da sizin köməyinizə çatsın.
|