Mətbəximizin
növ müxtəlifliyi ilə zəngin hissələrindən biri - içkilərdir. Tutdan,
zoğaldan və digər bitkilərdən araq çəkilir ki, bundan əsasən müalicəvi
vasitə kimi istifadə edirlər. "Araq" - dilimizdə "ağ içki" mənasını
verir (aq - ağ, ar - içki deməkdir, kefir sözündəki "ir" də içki
mənasındadır). Digər tərəfdən "ar" sözü "arınmış" sözündən olmaqla
təmiz, təmizlənmiş mənasını da verə bilər.
Distillyasiyanın
köməyi ilə müxtəlif bitkilərdən alkoholsuz müalicəvi araqlar, cövhərlər
və digər distillyasiyalar hazırlayırlar.
Buna
misal olaraq, nanədən çəkilən araq, gülabı, qarışıq otlardan hazırlanan
"çal araq" göstərilə bilər. Qədim zamanlardan Azərbaycanda "buza" -
pivə də hazırlanır. Rus sözü "buzit" də bu sözdən törəmişdir.
Digər
türk mətbəxlərində olduğu kimi süddən və turşumuş süd məhsullarından
"ayran", "atlama", "bulama" kimi çoxlu içkilər mövcuddur.
Meyvə
şirələrindən, müxtəlif bitki cövhərlərin və qənddən istifadə etməklə
növbənöv şərbətlər düzəldirlər. Şərbətlər süfrəyə əsasən plovla
verilir, bayramlarda və mərasimlərdə içilir. "Ovşala", "qəndab",
"itburnu suyu", "səlab" kimi içkilər təkcə süfrəni bəzəmir, həm də
müalicəvi xassələrə malikdirlər.
Çay
Azərbaycan mətbəxində xüsusi yer tutur. Masamızı çaysız təsəvvür etmək
mümkün deyil. Qəhvə və kakao çayla müqayisədə az istifadə olunur.
Səhərlər süfrəyə qaynadılmış isti süd və süddən içkilər verilir.
İçkilər
arasında Azərbaycanın mineral suları - "İstisu", "Badamlı", "Sirab" və
s. özəl yeri var. Onlar süfrəyə susuzluğu yatırmaq üçün verilir, eyni
zamanda müalicəvi xassələri vardır.
Tut
şirəsindən, qarpızdan, şəkər qamışından, çuğundurdan, üzümdən, yabanı
xurmadan bişirilmiş qatı bəkməzdən hazırlanan içkilər susuzluğu
yatırır, eyni zamanda sağlamlıq üçün faydalı hesab edilir.
Susuzluğu
yatırmaq və ağır, yağlı xörəklərin həzmini yüngülləşdirmək üçün süfrəyə
"ağır" xörəklərlə birlikdə "iskəncəbi" içkisi verilir, onu bal və
sirkənin qatışığından hazırlayırlar.
Bəzi qaynaqlarda ona "sirkə balı" da deyilir. Bəzən bal əvəzinə qənddən istifadə edilir.
Bizim
mətbəxdə xoşablar (kompotlar) və paludlar (kisel) şirin xörəklərin
deyil, içkilərin sırasına aid edilir. Lakin, təbii ki, ən yaxşı içki
Azərbaycan bulaqlarının buz kimi soyuq suları hesab edilir.