 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 20 Avq,2008 Paltarları ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var. Yağlı boya ləkəsi
İstənilən növ parçadan olan paltara düşən yağlı boya
ləkəsini benzin və aseton qarışığı ilə təmizləmək olar. Parça və yaxud
pambığı bu qarışıqda isladıb ləkə düşən hissəni təmizləyin. Hərəkətin
ancaq bir istiqamətdə olmasına diqqət yetirin. Əgər ləkə təzədirsə, onu
əvvəlcə asetonla islatmaq, sonra benzinlə silmək lazımdır. Ləkəni təmiz
kerosinə batırılmış pambıqla da təmizləyə bilərsiniz. Sonra bu hissəni
naşatır spirti ilə yenidən sürtün. Əgər ləkə köhnədirsə, onu təmizləmək
daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin.
Bir neçə dəqiqə gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin.
Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ilə silin.
Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə
əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.
Yağ ləkəsi
Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə
onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan
əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın
duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı
yavaş-yavaş özünə hopdurur - buna görə də ləkənin dərhal yox olmasını
gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət
gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsinə həm altdan,
həm də üstdən "prisipka", yaxud diş tozu səpin, hər iki tərəfi siqaret
kağızı və ya suçəkən kağızla örtün və qaynar ütü ilə ütüləyin. Əgər
ləkə çox böyükdürsə, tozu və kağızı bir neçə dəfə təzələyin.
Paltardakı yağ ləkəsi köhnədirsə, onu benzinlə isladıb bir-iki saat
gözlədikdən sonra hər iki tərəfdən kağız qoyub qaynar ütü ilə ütüləmək
lazımdır. Əgər ləkəni bu üsulla təmizləyə bilmirsinizsə, onda skipidar,
benzin, yaxud asetondan istifadə etmək lazımdır. Parçanın ləkəli
hissəsinə altdan suçəkən kağız qoyun, sadalanan maddələrin birində
isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız və
pambıq çirkləndikcə təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı
yuyun. Yuyulmaq üçün nəzərdə tutulmayan paltarı ləkənin yeri quruduqdan
sonra ütüləməklə kifayətlənmək olar.
Pas ləkəsi
Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini
təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək.
Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı
yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi ləkənin
intensivliyindən asılıdır. Adətən, bu məhlulu hazırlamaq üçün bir
stəkan suya 2 qramdan 20 qrama qədər turşu əlavə etmək lazımdır. Məhlul
saxsı və ya farfordan olan qabda hazırlanmalıdır. Hazır məhlulu
isitdikdən sonra parçanın ləkəli hissəsini çox qısa müddətə onun içinə
salın. Sonra isə bol su ilə yaxalayın. Əgər ləkə tam təmizlənməyibsə,
prosesi təkrar edin.
Pas ləkəsi süni rənglənmiş parçaya düşübsə, bu üsuldan istifadə etmək
olmaz. Burada sizə eyni nisbətdə qarışdırılmış qliserin, sürtkəcdən
keçirilmiş sabun və su qarışığı kömək edə bilər. Parçanın ləkəli
hissəsini bu məhlulla sürtün, bir sutkadan sonra mütləq adi qayda ilə
yuyun. Əgər sizdə adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama
həddinə qədər qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ
parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan
suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar.
Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun
içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə
etmək olmaz.
Giləmeyvə və
qırmızı şərab
ləkəsi
Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın
duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək
olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox
olana qədər üzərinə qaynar su tökmək lazımdır. Əgər ləkə köhnədirsə,
hiposulfit, sulfit və hidrosulfitli məhlullardan istifadə etmək
lazımdır. Bunun üçün bir stəkan suya 3-5 qram turşu əlavə edin. Sonra
pambığı bu məhlula batıraraq, ləkəni kənarlarından ortaya doğru
təmizləyin. Unutmayın ki, bu məhlulu ancaq ağ parçalarda istifadə etmək
olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün
parçanı bir neçə dəqiqəlik qaynar südün içinə salın, sonra isə adi
qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid və naşatır
spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər.
Bu məhlulların istifadəsindən sonra əşyanı əvvəlcə təmiz su ilə, sonra
da adi qaydada yumaq lazımdır.
Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə
qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta
sarısı və 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu
maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun.
Mürəkkəb və adi boya ləkəsi
Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır
spirti və yaxud çay sodası məhlulu (1 stəkan suya 2-3 çay qaşığı soda)
kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə
edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən
sonra paltarı təmiz su ilə yumaq kifayətdir. Ağ parçadan mürəkkəb və
boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram
yuyucu toz əlavə edin. Məhlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa
qaba süzün və istifadə edin. Bundan sonra parça əvvəlcə təmiz, sonra
isə sabunlu su ilə yuyulmalıdır.
1 stəkan suda həll edilmiş 5-10 qram hidrosulfit məhlulunu 50-60 dərəcə
həddində qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz.
Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın və
təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.
His və
qurum ləkəsi
Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları
adi şotka ilə sürtərək, təmizləyə bilməmisinizsə, skipidarda isladılmış
pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla
təmiz olacağına əmin olun.
Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə
qarışdırılmış yumurta sarısı və skipidar qarışığından istifadə edin.
Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ilə yüngülcə sürtün
və təmiz ilıq su ilə yuyun.
Yumurta ləkəsi
İstər ağ, istərsə də rəngli parça olsun, fərqi yoxdur, əgər
üzərinə yumurta ləkəsi düşübsə, onu təcili təmizləmək lazımdır. Çünki
belə ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll
olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış
naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda
naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin.
Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar.
Pambığı ilıq qliserinə batırıb ləkəni silin və 15 dəqiqəlik fasilədən
sonra təkrar edin. Sonra paltarı yuyun.
Tər ləkəsi
Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı
xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə
ləkələri sabunlu suda isladılmış şotka ilə təmizləmək olar. Bundan
sonra isə oksalat turşusu məhlulundan istifadə edin. Məhlulu sabunlu su
ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun.
Ot ləkəsi
Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz
də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir
zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya
naşatır spirti məhlulu əlavə etsəniz, nəticə daha mükəmməl olar.
Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar.
Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır.
Sirkə ilə eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri
aparmağa kömək edir.
|