 dostuna gönder
azeroosaytlarım-a elave et
| | balaca yazı | esl yazı | böyük yazı 20 Avq,2008 Son illər ölkəmizdə sahibkarlığın inkişafı gözəllik salonlarının sayını yetərincə artırıb. İndi hər bir qadın yaşadığı, yaxud işlədiyi yerin yaxınlığında, ən başlıcası cibinə uyğun səviyyədə gözəllik salonunun xidmətlərindən istifadə edə bilər. Ancaq çox təəssüf ki, evdar qadınlarımız gözəllik salonu məfhumundan özlərini kənarlaşdırırlar. Halbuki evdə oturaraq da gözəl qalmaq olar. Gözəllik salonları sizə müxtəlif xidmətlər təklif edirlər. Burada
siz saçınızı, dırnaqlarınızı, dərinizi qaydaya salmaqdan başqa hətta
qışda dərinizi qaralda, bədən quruluşnuzu istənilən formaya sala, çox
qısa saçlarınızı və dırnaqlarınızı bir neçə saata istədiyiniz qədər
uzada, beləliklə, cavanlaşa bilərsiniz. Lakin bu, heç də o demək deyil
ki, bu xidmətlərin hamısından mütləq istifadə etmək lazımdır. Ən
vaciblərin nə olduğunu bilmək istəyirsinizmi? Eləsə, diqqətiniz bizdə
olsun.
Ağarmayın,
ay saçlarım, amandır!
Ən başlıcası saçdır. Hər bir qadın ayda bir dəfə mütləq saçının
uclarını kəsdirməlidir. Çünki hətta kökü sağlam olan saç belə uzandıqca
ucları haçalanır və xoşagəlməz bir şəkil alır. Üstəlik, müəyyən vaxtdan
sonra belə saçlar uzanma qabiliyyətini itirir.
Əgər saçlarınız ağarmağa başlayıbsa, onda təkcə ucları kəsdirməklə
kifayətlənmək olmaz. Ağarmış saçı ayda bir dəfə mütləq boyamaq
lazımdır. Boya seçərkən onun təbii rəngdə olmasına diqqət yetirin. Əgər
saçınıza dən düşməsi sizə xoş təsir bağışlayırsa və onları rəngləmək
istəmirsinizsə, onda başınızı yuduqdan sonra "sinkalı" su ilə
yaxalayın. Salonda mütləq müraciət etməli olduğunuz başqa bir xidmət
isə manikür və pedikürdür. Manikür ayda ən azı iki dəfə, pedikür isə
bir dəfə edilməlidir. Yayda pedikürün sayını artırmaq lazımdır.
Kosmetoloji xidmət 20 yaşını keçmiş hər bir qadın üçün vacibdir. Dəridə
qırışlar məhz bu yaşdan sonra yaranmağa başlayır. Doğrudur, ilk illərdə
diqqətlə baxmadan bunu görmək mümkün deyil, lakin illər keçdikcə bu
qırışlar üzə çıxır və beləliklə sizi fakt qarşısında qoyur.
Qeyd edək ki, bütün bu xidmətlər istənilən salonlarda var. Təbii ki,
salonu cibinizə uyğun seçə bilərsiniz. Adi salonlarda göstərilən
xidmətlərin keyfiyyətinə şübhə etməyin. Ola bilər ki, burada xidmətin
çeşidi az olsun, keyfiyyəti isə ən nüfuzlu salonlardan belə yüksəkdə
dayansın.
Pəhriz haqqında indiyə qədər çox danışılıb. Bəziləri bunun lehinə,
bəziləri isə əleyhinədir. Pəhriz məsələsində bir şeyi mütləq nəzərə
alın ki, bu, mütləq və konkret qida rejimi deyil. Hər bir adam özü üçün
fərdi şəkildə pəhriz seçə bilər. Əslində, bizim haqqında danışdığımıza
pəhriz də demək olmaz. Bu, sadəcə, sağlam qidalanmadır. Təbii ki,
burada iradə vacib amildir. Yeməyə qarşı zəifliyi olan insanlar pəhrizi
də, sağlam qidanı da unutmamalıdır.
Əgər hamar, gözəl dəriyə, parlaq, gur saçlara, tükənməz enerjiyə malik
olmaq istəyirsinizsə, onda təklif olunan gözəllik pəhrizi məhz sizin
üçündür.
Səhər yeməyi yüngül meyvə salatından və tənzimləyici içkidən ibarət
olmalıdır. Meyvə salatını hazırlamaq üçün sizə "Herkules", yaxud mannı
yarması, bal, ləpə və mövsümdən asılı olaraq, meyvələr lazımdır.
Məsələn:
* 2 xörək qaşığı "Herkulesi" 4 xörək qaşığı qaynanmış soyuq suda
isladın. 5-10 dəqiqədən sonra 1 xörək qaşığı bal, 200 qram əzilmiş
giləmeyvə və 2 xörək qaşığı doğranmış ləpə əlavə edin.
* 2 xörək qaşığı mannı yarmasını 4 xörək qaşığı qaynanmış soyuq suda
isladın. 5-10 dəqiqədən sonra sürtkəcdən keçirilmiş 2 kök, 2 xörək
qaşığı bal və 2 xörək qaşığı doğranmış ləpə əlavə edin.
Tənzimləyici içkiləri, adətən, qara çaydan və müalicəvi otlardan
hazırlayırlar. Ot və çay qarışığı adi qaydada dəmlənilir. Müalicəvi
otlardan itburnu, gicitkən, nanə, göyərti toxumları, çobanyastığı,
kəklikotu istifadə oluna bilər. Quru otları qarışdırıb şüşə qabda
saxlaya bilərsiniz. İçkini hazırlayarkən 1 stəkan qaynar su üçün 1 çay
qaşığı ot və bir o qədər də qara çay götürmək lazımdır.
Səhər qəbul etdiyiniz qidanın tərkibi bu cür olarsa, cəmi bir aydan
sonra nəticəni hiss edəcəksiniz. Bu cür qida sizi ehtiyacınız olan "B"
vitaminləri ilə təmin edəcək. Bu vitamin qrupu saçın və dırnağın yaxşı
uzanması ilə yanaşı, həm də üzün dərisi üçün çox vacibdir.
Nahar adi qaydada ola bilər. Birinci yemək olaraq bitki yağı əlavə
olunmuş tərəvəz salatından başlayın. Tərəvəz salatını belə hazırlamaq
olar:
* Çiy çuğunduru təmizləyin, əzilmiş sarımsaq və bitki yağı əlavə edin.
* Tər gicitkəni aşsüzənə yığıb üstünə qaynar su tökün. Tikanları
zərərsizləşdikdən sonra onu xırda doğrayın və üzərinə duz, bitki yağı
və doğranmış xiyar əlavə edin.
Bundan sonra suda qaynadılmış, ya da manqalda bişmiş toyuq əti, mal əti
və yaxud balıq yeyə bilərsiniz. Duzun miqdarı mümkün qədər az olmalıdır.
Şamda çiy yerkökü, alma, armud, limon şirəsi, baldan hazırlanmış salat
yeyin. Buraya 100 qram kəsmik, yaxud duxovkada bişmiş mal əti də əlavə
edə bilərsiniz.
Bu pəhriz əsasən 2-3 həftə üçün nəzərdə tutulur.
Nəticələr haqqında bəri başdan danışmaq lazım deyil. Bunu özünüz
görəcəksiniz. Əgər pəhrizi tam saxlamaq istəmirsinizsə, onda adi qida
rasionundakı hansısa gündəlik yeməyi bu salatlardan biri ilə əvəz edin.
Həmin nəticəni bu yolla da almaq olar - lakin 2-3 həftəyə yox, 2-3 aya.
Pəhriz saxlayarkən mineral su, çay və ot dəmləməsi içmək olar.
Elə baxma,
gözlərinə göz dəyər...
Gözləri ətraf mühitin təsirindən qoruyan qapaqlar, qaşlar və kirpiklər özləri də qulluğa ehtiyac duyurlar.
Kirpiklərə qulluq. Yuxudan öncə mütləq kirpiklərinizdən tuşu silin.
Onları gənəgərçək yağı ilə masaj etmək çox xeyirlidir. Bunun üçün təmiz
şotkanı yağa batırın və tam damcılamasını gözləyin. Sonra onunla
kirpikləri darayın. Bunu ardıcıl etsəniz, kirpikləriniz sıxlaşar,
parlaq və tünd olar. Kirpiklər, adətən, bir neçə aydan sonra
təzələnirlər. Buna görə də kirpiklərinizin tökülməsindən narahat
olmayın. Ancaq tökülən kirpiklərin əvəzinə yeniləri gəlmirsə, bu, artıq
xəstəlikdir. Bu halda mütləq həkimə müraciət edin.
Göz qapaqları üçün maskalar. Möhkəm yorulmaq, yuxusuzluq və yaşla
əlaqədar dəyişikliklər nəticəsində göz qapaqları şişir, gözün altında
isə torbalar əmələ gəlir. Bu zaman sizə cəfəri və kartofdan hazırlanmış
maskalar və qızdırılmış zeytun yağından kompres kömək edər. Məsələn:
* Xırda doğranmış cəfərini gözünüzün üstünə qoyun və üzərini nəm
pambıq, yaxud tənzif tamponu ilə örtün. Maskanın saxlanma müddəti 15
dəqiqədir. Çiy kartofdan da eyni cür maska hazırlamaq olar. Kartofu
sürtgəcdən keçirmək lazımdır.
* Sürtkəcdən keçirilmiş çiy kartofa 2 çay qaşığı un və 2 çay qaşığı çiy süd əlavə edərək, maska düzəltmək olar.
* 1 çay qaşığı xırda doğranmış cəfərini 2 çay qaşığı xama ilə qarışdırın. Maskanı eyni qaydada göz qapaqlarının üzərinə qoyun.
İlıq zeytun yağını masaj edə-edə göz ətrafına çəkməklə vaxtsız qırışların qarşısını ala bilərsiniz.
Göz ətrafını cəfəri dəmləməsindən hazırlanmış buz kubu ilə masaj edin.
Lakin bu zaman çox ehtiyatlı olun. Qaş düzəltdiyiniz yerdə göz
çıxarmayın!
Qaşlara qulluq. Qaşların sıx və parlaq olması üçün onları da mütəmadi
olaraq gənəgərçək yağına batırılmış fırça ilə daramaq lazımdır. Bitki
yağlarından hazırlanmış kompres qaşlar üçün çox xeyirli vasitədir:
pambıq tamponunu qızdırılmış bitki yağında isladıb 5-10 dəqiqəlik
qaşların üzərinə qoyurlar.
Qaşlarınızdan əlavə tükləri təmizləyərkən ehtiyatlı olun. Dəridə
cızıqların əmələ gəlməməsinə diqqət yetirin. Tükləri çıxma
istiqamətində çəkin. Proseduranı başa çatdırdıqdan sonra qaşlara palıd
qabığından, yaxud çobanyastığından hazırlanmış soyuq kompres qoyun.
|